Masallı rayonunun Hüseynhacılı kəndində baş verən yanğının təfərrüatları bəlli olub.
APA - nın məlumatına görə, yanğın 1951 - ci il təvəllüdlü Kəlbiyev Alim İbad oğluna məxsus iki mərtəbəli, sahəsi 300 kvadratmetr olan evdə baş verib.
Yanğın 1-ci mərtəbədən başlayıb.
Nəticədə ana - 1984-cü il təvəllüdlü Kəlbiyeva Gülnaz və övladları - 2012 ci il təvəllüdlü Kəlbizadə Elbrus Elmar oğlu və 2011 ci il təvəllüdlü Kəlbizadə Elgiz Elmar oğlu yanaraq ölüblər.
Hadisə yerinə Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 3 və Göytəpə Yanğından Mühafizə Hissəsinin 1 texnikası və canlı qüvvəsi cəlb olunub.
300 kvadratmetr evin 200 kvadratmetr hissəsi yanıb.
İlkin ehtimala görə yanğın şamdan baş verib. Belə ki, kənddə işıq söndüyündən şam yandıran ev sahibi daha sonra onu nəzarətsiz qoyaraq yatıb.
Hazırda rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.
Yanğının dəqiq baş vermə səbəbləri araşdırılır.
**01:08
Masallıda ölümlə nəticələnən yanğın hadisəsi olub.
''Report"un xəbərinə görə, hadisə rayonun Hüseynhacılı kəndində qeydə alınıb.
Yaşayış evində baş verən hadisə nəticəsində ana və iki azyaşlı övladı yanaraq ölüb. Onların şəxsiyyətləri dəqiqləşdirilir.
Hadisə yerinə yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.