Abşeron Rayon Prokurorluğu Ağsudan qaçaraq rayon ərazisinə gələn qadının qətli ilə bağlı məlumat yayıb.
Senzor.az bildirir ki, məlumatda deyilir: "Sentyabrın 7-si saat 09 radələrində Bakı-Sumqayıt avtomobil yolunun kənarında Ağsu rayon sakini, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayevanın üzərində xəsarət izləri olan meyitinin aşkar olunması barədə Abşeron Rayon Prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin atası, 1965-ci il təvəllüdlü Nazim Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Aybəniz Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Nazim Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir".
**16:58
Abşeronda qətl hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib. Ağsu rayon sakini 33 yaşlı Aybəniz Abdullayeva atası Nazim Əliyev tərəfindən qətlə yetirilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, A.Abdullayevanın sentyabrın 2-də Ağsuda yaşadığı evdən çıxaraq itkin düşdüyü barədə məlumat yayılmışdı.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polsi baş leytenantı Mahir Məsimov jurnalistlərə açıqlamasında bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən Nazim Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.