Bakıda 16 yaşlı yeniyetmə qonşusu tərəfindən qətlə yetirilib.
Senzor.az bildirir ki, bu barədə Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.
Qeyd olunub ki, sentyabrın 6-sı Sabunçu Rayon Polis İdarəsinə 2006-cı il təvəllüdlü Hüseynağa Şeydabəyovun itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla zərərçəkmişin qonşusu - 1968-ci il təvəllüdlü Babək Quliyevin qisas almaq məqsədilə Hüseynağa Şeydabəyovu döyərək xəsarətlər yetirməsinə, daha sonra iplə boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Babək Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
APA-nın məlumatına görə, Hüseynağa Şeydabəyovun qətlə yetirilməsinə səbəb yeniyetmənin qonşusu Babək Quliyevin qızına sataşması olub. Buna görə qəzəblənən Babək Quliyev 16 yaşlı yeniyetməni evinə salaraq döyüb, ona ağır xəsarətlər yetirib. Hirsi soyumayan Babək Quliyev Hüseynağa Şeydabəyovu iplə boğaraq qətlə yetirib. Daha sonra Babək Quliyev Hüseynağa Şeydabəyovun meyitini həyətində gizlədib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin üstü açılıb və Babək Quliyev saxlanılıb.
İş üzrə istintaq davam edir.