Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuşlar Ümüd Kərimov və Nihat Qafari tutulublar. Onların Xəzər rayonunun Binə və digər qəsəbələrində 9 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları məlum olub. Saxlanılan şəxslər əldə etdikləri qızıl-zinət və məişət əşyalarını paytaxt ərazisindəki ticarət mərkəzlərindən birində satıblar.
Şöbə əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı Binə qəsəbəsində oğurluqlar edən digər dəstənin üzvləri – əvvəllər məhkum olunmuş Sərhad Əmirov, Sübhan Ağayev və Ramin Qarayev tutulublar. Bu şəxslərin Xəzər rayonunda 7 evdən və 1 mağazadan oğurluq etdikləri müəyyən edilib. Onların Binə qəsəbəsində yerləşən mağazadan 1600 manat oğurladıqları müəyyən edilib. Araşdırma zamanı bu şəxslərin həmçinin paytaxtın Suraxanı və Sabunçu rayonlarında da daha 3 mənzildən oğurluqlar etdikləri sübuta yetirilib.
Faktlarla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Adları çəkilən şəxslərlə əlbir olan dəstənin digər üzvlərinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə məlumat verə bilərlər.