Ötən gün Laçın rayonunda minaya düşən şəxslərdən biri vəfat edib, digərinin isə vəziyyəti qənaətbəxşdir.
Senzor.az Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətinə istinadən bildirir ki, oktyabrın 21-də Laçın rayonunun Suarası kəndində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlaması nəticəsində ağır xəsarət alan 1977-ci il təvəllüdlü Həmidov Elsəvər Sovet oğlu həlak olub.
Qeyd edilib ki, 1977-ci il təvəllüdlü Həsənov Səbuhi Telman oğlu bədənin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb, vəziyyəti qənaətbəxşdir.
ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli və diqqətli davranmağa çağırıb.
**20:41(21.10.2022)
Oktyabrın 21-də Laçın rayonunun Suarası kəndində, minalardan təmizlənməmiş ərazidə 2 nəfər piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət alıb.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.
İlkin məlumata əsasən, hadisə nəticəsində Həmidov Elsəvər Sovet oğlu və Həsənov Səbuhi Telman oğlu xəsarət alıblar.
"Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə ANAMA-dan qeyd olunub.
Hadisə ilə bağlı DİN Mətbuat Xidmətinin Bərdə regional qrupu da məlumat yayıb.
Bildirilib ki, kənd ərazisində təmir-tikinti işləri ilə məşğul olan 2 nəfər mina partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar dərhal polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının müdaxiləsi nəticəsində xəstəxanaya çatdırılıblar.