Sabirabad şəhərində yerləşən Mərkəzi Bazarda baş vermiş yanğının vurduğu ziyanın miqyası məlum olub.
Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 5 hektar olan bazar ərazisində bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı ticarət obyektlərinin (meyvə-tərəvəz, geyim, təsərrüfat malları və s.) yanar konstruksiyaları 9000kv.m sahədə yanıb.
Bazarın böyük hissəsi və digər ticarət obyektləri, bitişik evlər yanğından mühafizə olunub.
**01:22
Sabirabad şəhəri ərazisində yerləşən bazarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.
Senzor.az bildirir ki, bu barədə FHN-dən məlumat verilib.
Yanğının mürəkkəbliyinə və havanın küləkli olmasına baxmayaraq, əlavə yanğından mühafizə qüvvələrinin vaxtında cəlb edilməsi və yanğınsöndürənlərin peşəkar fəaliyyətləri sayəsində yanğının genişlənərək digər obyektlərə, o cümlədən bilavasitə yaxınlıqda yerləşən yaşayış evlərinə keçməsinə imkan verilməyib.
Yanğınla mübarizə tədbirlərində Sabirabad, İmişli, Hacıqabul, Saatlı rayonlarının Yanğından Mühafizə hissələri və Şirvan şəhər Yanğından Mühafizə Dəstəsinin ümumilikdə 12 ədəd yanğın texnikası və 88 nəfər canlı qüvvəsi iştirak edib.
**00:33
Sabirabad bazarında yanğının söndürülməsinə xeyli sayda yanğınsöndürən cəlb edilib.
Senzor.az FHN-in Mətbuat xidmətinə istinadən bildirir ki, yanğının mürəkkəbliyi və havanın küləkli olması səbəbindən yanğının genişlənməsinin qarşısının alınması, həmçinin söndürülməsi işlərinin sürətləndirilməsi məqsədilə Dövlət Yanğından Mühafizə Xidmətinin yaxın rayonlarda yerləşən hissələrindən əlavə qüvvələr qısa müddətdə hadisə yerinə cəlb olunub.
Yanğından mühafizə bölmələrinin səyi nəticəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Bu arada “Report” yanğın zamanı 2 nəfərin yüngül xəsarət alması barədə məlumat yayıb. Onlardan biri FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Saatlı rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı, 1991-ci il təvəllüdlü Əzimov Elsevər İzahim oğludur. Digər şəxsin kimliyi araşdırılır.
Göz nahiyəsindən xəsarət alan hər iki şəxs Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlar ilkin tibbi yardımdan sonra ambulator müalicəyə göndəriliblər.
Faktla bağlı araşdırma aparılır.
**00:04
Sabirabadda yanğın baş verən bazar ərazisinə polis əməkdaşları cəlb olunub.
Senzor.az DİN-in Mətbuat Xidmətinə istinadən bildirir ki, hazırda polis əməkdaşları tərəfindən hadisə yerinin mühafizəsi təmin olunur, təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirilir.
Yanğının söndürülməsi istiqamətində zəruri bütün tədbirlər görülür.
**22:16 (22.10.2022)
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sabirabad şəhəri ərazisindəki bazarda yanğın olması barədə məlumat daxil olub.
Senzor.az FHN-in mətbuat xidmətinə istinadən bildirir ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.