Bu gün Goranboyda ər arvadını qətlə yetirib.
"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun qaçqınlar şəhərciyində baş verib. N saylı hərbi hissədə xidmət edən hərbçi - baş leytenant, 1994-cü ildə Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olmuş Həsənli Bəbir İntiqam oğlu öz həyat yoldaşı, həmin hərbi hissədə işləyən hərbi qulluqçu - Gəncə şəhərində anadan olmuş 1993-cü il təvəllüdlü Babayeva Zəhra Cavid qızının başını bıçaqla kəsərək qətlə yetirib.
Həsənli Bəbir İntiqam oğlu Goranboy Rayon Polis Şöbəsinə gedərək təslim olub. Bəbirlə Zəhra bir aydır ailə qurublarmış... Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir.
Senzor.az bildirir ki, DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan faktı təsdiqləyiblər.
Baş inspektor, polis kapitanı Eşqin Qasımov bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə bir nəfər qadının çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilməsi barədə məlumat daxil olub: “Dərhal Rayon Polis Şöbəsi və Prokurorluğunun əməkdaşları hadisə yerinə gedərək müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı saxlanılıb. Faktla bağlı Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir”.