Noyabrın 5-i axşam saatlarında Şəmkir rayonunun Çinarlı kəndi ərazisində hərəkətdə olan VAZ 2106 markalı avtomobil, işıq cihazlarının istifadə qaydasının pozulmasına görə Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu tağımının əməkdaşları tərəfindən saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Qrupun baş inspektoru, polis kapitanı Eşqin Qasımovun verdiyi xəbərə görə, yol polisi sürücüyə yaxınlaşdıqdan və özünü təqdim etdikdən sonra saxlama səbəbini izah edərkən onda, sürücünün spirtli içkinin təsiri altında avtomobil idarə etməsi barədə əsaslı şübhələr yaranıb.
Polis əməkdaşının müvafiq sənədləri təqdim etmək və həkim müayinəsindən keçmək tələbinə tabe olmayan Şəmkir rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Hüseynov özünə məxsus cib bıçağı ilə polis əməkdaşına xəsarət yetirməyə çalışıb. Aparılan profilaktiki söhbət fayda vermədiyindən polis əməkdaşı tərəfindən havaya xəbərdarlıq atəşi açılıb və yalnız bundan sonra sürücü tərksilah edilərək Şəmkir Rayon Polis Şöbəsinə təhvil verilib.
Fakla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.