Noyabrın 9-u saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Senzor.az Qaradağ Rayon Prokurorluğuna istinadən bildirir ki, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
Qeyd edək ki, bundan əvvəl DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev məsələ ilə bağlı verdiyi açıqlamada Rəşad Dağlının polisə könüllü təslim olduğunu bildirmişdi: “Hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində gecə saatlarında qeydə alınıb. Hadisəni törədəndən sonra Rəşad Dağlı Yasamal Rayon Polis İdarəsinə gələrək təslim olub və qətl törətdiyini etiraf edib...”.
Bu arada oxu.az Rəşad Dağlının qətlə yetirdiyi şəxsin meyxanaçı Ələkbər Yasamallının bibisi oğlu olduğu barədə məlumat yayıb.
Məlumata görə, İskəndər Mehtiyev gecə saatlarında 1984-cü il təvəllüdlü Rəşad Dağlıya zəng vurub və mübahisə edib.
Mübahisə zamanı o, R.Dağlıya ağır söyüşlər söyüb və təhqir edib.
R.Dağlı söyüş və təhqirlərə dözməyərək, İ.Mehtiyevdən ünvan soruşaraq ora gedib. Telefonda yaranan mübahisə üzbəüz davam edib və nəticədə R.Dağlı İ.Mehtiyevə bıçaq zərbəsi vuraraq öldürüb.
**09:18
Məşhur meyxanaçı Rəşad Dağlı qonşusunu qətlə yetirib.
Senzor.az bildirir ki, hadisə Qaradağ rayonunda baş verib.
Belə ki, Lökbatan dairəsində Rəşad Əmirovla (Dağlı) qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb.
R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib.
Hadisəni törədən 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə iş açılıb.
DİN-in Mətbuat Xidmətindən faktı təsdiqləyiblər.
Bu arada "Qafqazinfo" hadisə ilə bağlı bəzi məqamlara aydınlıq gətirib. Saytın məlumatına görə, meyxanaçının bıçaqladığı İsgəndər Mehdiyev xeyli vaxt həbsxanada imiş və azadlığa yeni çıxıbmış.
Hadisəyə isə İsgəndərin Rəşad Dağlının arxasıyca söyüş söyməsi səbəb olub.
Belə ki, Rəşad Dağlı İsgəndərlə məsələyə aydınlıq gətirmək üçün onu görüşə çağırıb və bu gün səhər saat 05 radələrində onlar yaşadıqları Lökbatan qəsəbəsində görüşüblər.
Şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Rəşad Dağlı İsgəndəri bıçaqlayaraq öldürüb.