Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Senzor.az bildirir ki, bu barədə qərar Qaradağ Rayon Məhkəməsinin hakimi Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.
Məhkəmədə istintaq materialları elan edilərkən qeyd olunub ki, Rəşad Dağlı tanışı İskəndər Mehtiyevə ümumilikdə 14 bıçaq zərbəsi vurub.
Prosesdə meyxanaçı özünü təqsirli bilib. O deyib ki, hadisə zamanı İ.Mehtiyevin əlində bıçaq olub: "Özümü müdafiə etməyə çalışdım. Birinci zərbəni onun ürək nahiyəsinə vurmuşam, digərlərini isə xatırlamıram".
R.Dağlı məhkəmədən sora Kürdəxanıda yerləşən Bakı İstinaq Təcridxanasına aparılıb.
Xatırladaq ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində baş verib.
** 19.52
Qətl törətməkdə şübhəli bilinən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) Qaradağ Rayon Məhkəməsinə gətirilib.
Senzor.az bildirir ki, Rəşad Dağlının barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.
Prosesə hakim Teymur Qurbanov sədrlik edəcək.
**14:54
Qətl törətməkdə şübhəli bilinən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) yenidən Qaradağ Rayon Prokurorluğa gətirilib.
Senzor.az-ın xəbərinə görə, hazırda istintaq aparılır.
Bu gün onun barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir.
Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
R.Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.