Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda mənzillərin birində giriş qapısının açılmaması səbəbindən xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.
Nazirlikdən verilən məlumata görə, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə edərək dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzilin giriş qapısını açıblar.
Mənzildə 4 nəfərin meyiti aşkar olunub.
İlkin məlumata görə, onların dəm qazından boğulduğu və ya qidadan zəhərlənərək öldüyü ehtimal edilir.
Qeyd edək ki, ölənlərin hamısı kişidir. Meyitlər aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
**12:12
Bakıda mənzildən bir ailənin 4 üzvünün meyiti aşkarlanıb.
Məlumata görə, hadisə bu gün paytaxtın Nərimanov rayonu, Ağaoğlu küçəsi 7 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən mənzillərdən birində bir ailənin 4 üzvünün meyiti tapılıb.
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.