Gədəbəy rayonunda qızıl-mis emalı zavodunda baş vermiş yanğın nəticəsində tüstüdən zəhərlənən şəxslər evə buraxılıb.
Məlumata görə, zəhərlənən 8 nəfərə lazımı tibbi yardım göstərilib.
Xatırladaq ki, ümumi sahəsi 2 100 kvadratmetr olan qızıl-mis emalı zavodunun 180 kvadratmetr sahəsində yanğın baş verib. Yanğın nəticəsində mühərriklər, nasoslar və bir sıra avadanlıqlar, elektrik kabel və panelləri yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və 12 nəfər canlı qüvvə cəlb olunub, yanğın söndürülüb.
**18:39
Gədəbəydə qızıl mədənində mis emalı sexində elektrik naqillərində yaranmış qısaqapanma nəticəsində yanğın baş verib.
Bu barədə DİN-in Gəncə Regional Qrupundan verilən məlumatda deyilir.
Məlumata görə, ümumi sahəsi 2 100 kvadratmetr olan sexin 180 kvadratmetr sahəsində baş verən yanğın zamanı 8 nəfər tüstüdən zəhərlənib.
Belə ki, 1982-ci ildə anadan olmuş Ayaz Ələsgərov, 1986-cı il təvəllüdlü Etibar Nəsibov, 1989-cu ildə anadan olmuş Elburus Alıyev, 1994-cü il təvəllüdlü Füzuli Muxtarov, 1979-cu ildə anadan olmuş Anar Abdullayev, 1983-cü il təvəllüdlü Anar Şirinov, 1994-cü ildə anadan olmuş Yusif Nuriyev və 1979-cu il təvəllüdlü Rafiq Məmmədov zəhərlənmə diaqnozu ilə Gədəbəy Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Lakin vəziyyətləri barədə əlavə məlumat verilməyib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından mühafizə Hissəsin texnikası və canlı qüvvələri cəlb olunub.
Araşdırma aparılır.