Bakıda intiharın qarşısı alınıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Belə ki, nazirliyin “112” qaynar telefon xəttinə bir nəfərin Bakı şəhərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən beşmərtəbəli binanın damına çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib.
Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1995-ci il təvəllüdlü Babazadə Vüsal Araz oğlu, ilkin ehtimala əsasən, şəxsi münasibətlər səbəbindən binanın damına çıxaraq intihara cəhd edir.
Yaranmış mürəkkəb vəziyyət xilasedicilər tərəfindən operativ təhlil edilərək intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qruplar tərəfindən ərazidə xüsusi xilasetmə vasitələri, o cümlədən xilasetmə yastığı quraşdırılaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Xilasedicilərin psixoloji söhbəti nəticəsində vətəndaş intihar etmək niyyətindən çəkinib və o, binanın damından endirilib.