Fevralın 20-də Türkiyənin Hatay vilayətində baş vermiş zəlzələdə 6 nəfər ölüb, 562 nəfər yaralanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu daxili işlər naziri Süleyman Soylu deyib.
O, yaralılardan 18 nəfərin vəziyyətinin ağır olduğunu bildirib.
Xatırladaq ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal gücündə zəlzələ olub. Saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal gücündə zəlzələ baş verib.
**09:42
Türkiyənin Hatay vilayətində baş verən son iki zəlzələ nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
Senzor.az bildirir ki, bu barədə Türkiyənin “Hurriyet” nəşri məlumat yayıb.
Qeyd olunub ki, baş vermiş zəlzələlər nəticəsində daha 300-ə yaxın insan xəsarət alıb, onlardan 18-inin vəziyyəti ağırdır.
**00:22
Türkiyədə baş verən yeni zəlzələlər nəticəsində üç nəfər həlak olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
Onun sözlərinə görə, zəlzələ nəticəsində 213 nəfər yaralanıb: “Hazırda axtarış-xilasetmə qruplarımız tam sürətlə digər xəbərlərə getməyə çalışırlar. Bu gün axşam saatlarında riskli binalara girməmək barədə xəbərdarlıq etmişik. Bu son dərəcə risklidir. Zəlzələlər davam edir. Heç bir qiymətləndirmə olmadan həmin binalara girmək fəlakətlərə səbəb ola bilər”.
**23:14 (20.02.2023)
Türkiyənin Hatay vilayətində baş verən zəlzələlər nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.
Senzor.az bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
"Samandağ və Defne rayonlarında dağıntılar var. Samandağda bir qadının başına daş düşüb. Dəfnədə 4 nəfər dağıntılar altında qalıb, 1 nəfər isə çıxarılıb. Axtarış işləri davam etdirilir", - Soylu qeyd edib.
Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verib.
Episentri Hatay vilayətinin Defne rayonunda olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib.
**21:27
Türkiyənin Hatay şəhərinin Defne rayonunda 6,4 maqnitudalı zəlzələ olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanların dərinliyi 7,7 km-də yerləşib. Zəlzələnin Adanada da hiss olunduğu deyilir.
Bunun ardınca 5,8 maqnitudada daha bir zəlzələnin baş vediyi bildirilir.