Xəbər verdiyimiz kimi, bu gün Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində silahlı insident baş verib, hadisə nəticəsində iki nəfər güllə yarası alıb. Xəsarət alanlardan biri Azərbaycan Tibb Universitetinin tələbəsi, 2002-ci il təvəllüdlü Fəqan Rəhimlidir.
“Qafqazinfo”nun məlumatına görə, kriminal hesablaşma ehtimal olunan silahlı insidentdə tələbənin güllə yarası alması müzakirələrə səbəb olub.
Ancaq hadisənin təhlükəsizlik kamerası tərəfindən lentə alınan görüntülərini analiz edərkən belə aydın olur ki, Fəqan Rəhimli insident baş verən anda ərazidən təsadüfən bir xanımla keçir. Bu zaman hədəf olan Tamerlan Hüseynov silahlı şəxsi görür və qaçmağa başlayır.
Silahlı şəxs də, Tamerlanı hədəf alan zaman onun atdığı güllələrdən biri tələbə Fəqan Rəhimliyə dəyir və o, sağ baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası alır. Bir sözlə, Fəqanın hadisənin təsadüfi qurbanı olduğunu demək olar.
**16:24
Kliniki Tibbi Mərkəz Bakıda atışmada yaralananların vəziyyətini açıqlayıb.
Mərkəzdən bildirilib ki, yaralananların vəziyyəti stabildir: "Yaralananların hər ikisinin vəziyyəti orta-ağırdır, stabil qiymətləndirilir. Bütün zəruri tədbirlər görülür”.
**15:32
Bakıda Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı saxlanılan var.
Məlum olub ki, hadisədə 2 nəfər xəsarət alıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynovdur.
Onlar xəstəxanaya çatdırılıb.
**15:03
Paytaxtın Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Araşdırma aparılır. Əlavə məlumat veriləcək.