Mart ayının 10-da saat 22:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Samurçay kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərən 2 (iki) nəfər Azərbaycan vətəndaşları, 2006-cı il təvəllüdlü Mahmudov Rəhman Aydın oğlu və 2008-ci il təvəllüdlü Qədirov Paşa Vüqar oğlu saxlanılıblar.
Bu barədə Senzor.az-a DSX-nin Mətbuat Mərkəzindən xəbər verilib.
Bundan başqa həmin gün saat 20:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər sərhəd pozucusu Qvineya Respublikasının vətəndaşı Camara Moussa və Liberiya Respublikası vətəndaşı Vhyee Jr Samie Saye saxlanılıblar.
Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstan Respublikasına, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.