Baş Dövlət Yol Polisi İdarəsi Abşeron rayonunda 2 nəfərin öldüyü, 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.
Senzor.az-ın məlumatına görə, İdarənin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, ötən gün saat 17 radələrində Xırdalan-Saray yolunda Sumqayıt şəhər sakinləri – Fərzəliyev Ehtiram Niyaz oğlunun idarə etdiyi “İVECO"' markalı 90-JU-259 nömrə nişanlı yük avtomobili ilə Hüseynov İsmayıl Hüseyn oğlunun idarə etdiyi “Mercedes” markalı 90-SM-259 nömrə nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində 2 nəfər dünyasını dəyişib, 6 nəfər isə xəsarət alıb. Xəsarət alanların vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
**23:21(27.03.2023)
Abşeron rayonunun Saray qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə hadisə ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili və “İveco” markalı yük avtomobili toqquşub, 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu arada APA xəbər verib ki, qəzada 3 nəfər ölüb. Belə ki, hadisə zamanı 2018-ci ildə anadan olmuş Hüseynli Zəminə, 2007-ci il təvəllüdlü Allahverdiyeva Məryəm və 1974-cü təvəllüdlü Afət adlı şəxs həlak olublar.
Qəza nəticəsində xəsarət alan 2019-cu il təvəllüdlü Hüseynli Mehdi, 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn, 1984-cü il təvəllüdlü Hüseynova Nərminə və 1989-cu il təvəllüdlü Hüseynli Nurəngiz isə xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, dünyasını dəyişən Məryəm Rusiyada təhsil alırmış. O, Azərbaycana sənəd düzəltmək üçün gəlibmiş.
Faktla bağlı araşdırma aparılır.