Bakının Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alan Milli Məclisin deputatı Fazil Mustafa TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.
“Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, deputat hazırda əməliyyat olunur.
Qeyd edək ki, Fazil Mustafaya sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu qoyulub.
Hazırda Kliniki Tibbi Mərkəzin qarşısında Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri toplaşıblar.
**22:51
Millət Vəkili Fazil Mustafaya sui-qəsd olub.
Senzor.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, deputat yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib.
Ona avtomatdan atəş açılıb. Ayağından və çiynindən güllə yarası alan deputat xəstəxanaya yerləşdirilib.
Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Araşdırmalar davam etdirilir.
Bu arada Fazil Mustafanın qardaşı oğlu Toğrul “Qafqazinfo”ya bildirib ki, deputat Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
“Hazırda əməliyyat olunur. Güllə çiynindən və ayağından dəyib. Hadisə millət vəkilinin evinin qarşısında olub. Hadisəni törədən şəxsin kimliyi hazırda bilinmir”, - deyə o bildirib.
**22:31
Milli Məclisin deputatı Fazil Mustafa güllələnib.
"Report"un xəbərinə görə, hadisə paytaxtın Zabrat qəsəbəsində qeydə alınıb.
Belə ki, deputat evinin qarşısında silahlı hücuma məruz qalıb. Nəticədə o, yaralanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış qrupu cəlb edilib, araşdırma aparılır.
DİN Mətbuat Xidmətindən bildirilib ki, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.