Bakı-Salyan yolunun 29-cu kilometrliyində baş vermiş ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı artıb.
Senzor.az bildirir ki, 2020-ci il təvəllüdlü Bayxan Bağırov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
**19:03
Bakı-Salyan yolundakı qəzada ölənlərin kimliyi məlum olub.
Məlumata görə, bunlar Neftçala rayon sakinləri - 1970-ci il təvəllüdlü Bağırova Dilarə Ramil qızı, 1960-cı il təvəllüdlü Mikayılova Mirsəkinə Mirqiyas qızı və 1975-ci il təvəllüdlü Hüseynova Elnurə Adil qızıdır.
**18:45
TƏBİB Bakı-Salyan yolunda baş verən qəzada xəsarət alan şəxslərin vəziyyəti barədə məlumat yayıb.
Qurumdan bildirilib ki, baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Salyan Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları əraziyə cəlb edilib. Hadisə nəticəsində xəsarət alan 3 nəfər tibb müəssisəsinə yerləşdirilib. Hazırda Reanimasiya şöbəsində 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir), Təcili tibbi yardım şöbəsində 1 nəfərin (vəziyyəti orta ağır qiymətləndirilir) müalicəsi davam etdirilir.
Qeyd edək ki, bu gün Bakı-Salyan yolunda “KamAZ” markalı maşının “Hyundai Accent” markalı avtomobilə çırpılması nəticəsində üç nəfər sərnişin həlak olub, 3 nəfər isə xəsarət alıb.
**18:08
Bakı-Salyan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə magistral yolun 29-cu kilometrliyində qeydə alınıb:
"İlkin məlumata görə, “Hyundai Accent” markalı 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb. Eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb. Hadisə nəticəsində “Hyundai Accent” avtomobilində olan üç nəfər qadın sərnişin həlak olub. Sürücü, bir qadın və bir azyaşlı uşaq isə xəsarət alıb".
Faktla bağlı araşdırma aparılır.
**17:09
Salyanda ağır yol qəzası olub.
Senzor.az-ın xəbərinə görə, hadisə Ələt-Astara yolunda, Salyan rayonunun Kürsəngi kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, “KamAZ” markalı yük maşını və “Toyota Prius”un toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadaları cəlb olunub.