Pakistanın Bəlucistan vilayətinin paytaxtı Kvetta şəhərində törədilmiş partlayış nəticəsində ikisi polis əməkdaşı olmaqla ən azı 4 nəfər ölüb, 18 nəfər xəsarət alıb. Xəsarət alanlar arasında qadın və uşaqlar da var.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Qəndahari bazarı ərazisində ilkin ehtimala görə 3-4 kiloqram partlayıcı qurğu yerləşdirilmiş motosiklet partlayıb.
Nəticədə polis avtomobili də daxil olmaqla 2 nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Dərhal hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər və tibb işçiləri cəlb olunub. Səhiyyə qurumlarının rəsmiləri xəsarət alanlardan bəzilərinin vəziyyətinin ağır olmasını nəzərə alaraq, ölü sayının çoxalacağını istisna etmirlər.
Pakistanın Baş naziri Şahbaz Şərif ölümlə nəticələnən hücumu pisləyərək, terrorçuların məkrli planlarının puç olacağını bildirib. Qadağan edilmiş Bəluc Azadlıq Ordusu məsuliyyəti üzərinə götürüb.
Qəndahari bazarı ilə təxminən eyni vaxtda Munir Menqal yolunda başqa bir polis avtomobili hədəf alınıb. Nəticədə yoldan keçən 2 nəfər xəsarət alıb.