Astarada meşəlik ərazidə kişi meyitinin aşkar olunması faktı ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Senzor.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 3-ü rayonun meşəlik ərazisində Astara rayon sakini, 1969-cu il təvəllüdlü Eynəli Əzizlinin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı meyitin üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarət izləri müəyyən edilib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
**16:13
Astarada qətlə yetirilən şəxs müəllim və sabiq bələdiyyə sədri imiş.
Məlumata görə, iki gün əvvəl itkin düşdüyü bilinən və bu gün meşə massivində meyiti tapılan rayonun Dirya kənd sakini, 54 Eynəli Calal oğlu Əzizov əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
Onun heyvandarlıq təsərrüfatının və ticarət obyektinin olduğu bildirilir.
Həmçinin E.Əzizov qətlə yetirildiyi qonşu Şümrüd kənd məktəbində vaxtı ilə müəllim işləyib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
**16:06
Astara rayonunda iki gün əvvəl itkin düşən 54 yaşlı kişinin meyiti tapılıb.
Senzor.az xəbər verir ki, Eynəli Əzizovun meyiti bu gün səhər Astarada Şümrüd kəndində meşə massivinə daxil olan ərazidə tapılıb. Onun balta ilə baş nahiyəsinin arxa hissəsinə vurulan zərbələrlə qətlə yetirildiyi deyilir.
Qeyd edək ki, Eynəli Əzizov Həzi Sovqatov adına Şümrüd kənd tam orta məktəbində texnologiya fənni üzrə müəllim işləyib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.