Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) İŞİD terror qruplaşmasına qarşı həyata keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılan şəxslər etnik azərbaycanlılardır.
Bu barədə saxlanılanların vəkili İoseb Natroşvili yerli mətbuata açıqlamasında bildirib. O, saxlanılanların ittiham edildikləri işin məxfi saxlanıldığını qeyd edib.
“Həbs olunanlardan dördünün hüquqlarını mən müdafiə edirəm. Hələlik onlarla görüşməmişəm, ona görə də məsələ ilə bağlı mövqelərini bilmirəm. Müstəntiqdən onlara qarşı ittihamların bu gün irəli sürüləcəyini öyrəndim. Ümumilikdə 7 nəfər həbs edilib. Onlardan 6-sı dünən, biri isə apreldə saxlanılıb. Apreldə saxlanılan Türkiyə vətəndaşıdır və Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin təcridxanasına yerləşdirilib. Dünən saxlanılan 6 nəfər isə Gürcüstan vətəndaşı olan etnik azərbaycanlıdır”, - vəkil deyib.
Qeyd edək ki, Gürcüstan DTX əməliyyat zamanı ələ keçirilən dəlillər əsasında xarici ölkələrin ərazilərində həyata keçirilmiş terror fəaliyyətlərinin müəyyən edildiyini və təhlükəni nəzərə alaraq əldə etdiyi informasiyanı sürətlə tərəfdaş ölkələrlə paylaşdığını açıqlayıb.
**11:40
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) İŞİD terror qruplaşmasının üzvlərinə qarşı əməliyyat keçirib.
Məlumatı Gürcüstan DTX yayıb. Bildirilib ki, qurumun anti-terror mərkəzinin məhkəmə qərarı əsasında 4 ayrı məkanda və eyni vaxtda həyata keçirdiyi əməliyyat nəticəsində 6 Gürcüstan vətəndaşı saxlanılıb. Saxlanılan şəxslərin terror qruplaşmasının nüfuzlu liderləri ilə əlaqələrinin olduğu və bir sıra ölkələrdə müxtəlif terror hücumları planlaşdırdıqları müəyyən edilib.
Məlumata görə, əməliyyat zamanı terror qruplaşmasının simvolları, silah-sursat, partlayıcı maddələr və müxtəlif dəlillər ələ keçirilib.
Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin xarici ölkələrdə fəaliyyət göstərən terror təşkilatlarına qoşulmaq, eləcə də odlu silahların, partlayıcı vasitələrin qanunsuz əldə edilməsi və saxlanılmasını nəzərdə tutan maddələri ilə cinayət işi açılıb.
Qeyd olunub ki, sözügedən əməliyyat zamanı ələ keçirilən dəlillər əsasında xarici ölkələrin ərazilərində həyata keçirilmiş terror fəaliyyətləri müəyyən edilib və təhlükənin artması nəzərə alınaraq əldə edilən informasiya sürətlə tərəfdaş ölkələrlə paylaşılıb.
Vurğulanıb ki, eyni iş çərçivəsində hazırda Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin müvəqqəti təcridxanasında olan 1 xarici ölkə vətəndaşına qarşı cinayət işi açılıb.(APA)