Gəncədə kafeyə qumbara atan şəxs Bakıda zərərsizləşdirilib.
Senzor.az bildirir ki, bu barədə DİN-dən məlumat verilib.
Xatırladaq ki, ötən gün naməlum şəxs Gəncə şəhəri ərazisindəki kafelərdən birinə qumbara ataraq bir neçə nəfərin xəsarət alması və kafeyə ciddi maddi ziyan dəyməsi ilə nəticələnən cinayət hadisəsi törədib.
Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin şəxsin, törətdiyi müxtəlif cinayətlərə görə əvvəllər dəfələrlə məhkum olunmuş Gəncə şəhər sakini Elmir Nağıyev olduğu və Bakı şəhərindəki mənzillərdən birində gizləndiyi müəyyən olunub.
E.Nağıyev saxlanılarkən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərib. Bundan sonra polis əməkdaşları tərəfindən silah tətbiq edilib, nəticədə Elmir Nağıyev zərərsizləşdirilib.
Hadisə yerindən 1 ədəd əl qumbarası və tapança götürülüb.
Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.
**21:27(20.05.2023)
Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisindəki kafelərdən birinə partlayıcı maddə atılması barədə məlumat daxil olub.
Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı kapitanı Eşqin Qasımov məlumat verib.
Dərhal Baş Polis İdarəsinin və 2-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə cəlb olunub. Müvafiq araşdırmalar aparılır.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı əlavə məlumat veriləcək.