Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Cəbrayıl rayonu, Şükürbəyli kəndi ərazisində güclü yağış səbəbindən yaranan sel axınında 1 nəfər vətəndaşın minik avtomobilində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən Senzor.az-a verilən xəbərə görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Cəbrayıl Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb edilib.
Hadisə yerində operativ olaraq əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə sel axınına düşən Türkiyə Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Aksut Yusufun həyatı üçün təhlükə yaranıb.
Operativ olaraq Aksut Yusuf sel sularından xilas edilərək təhlükəsiz əraziyə təxliyə edilib.