İyunun 26-da gecə saatlarında Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yeni Kərki kəndində baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 8-ə çatıb.
"Report" xəbər verir ki, qəza nəticəsində xəsarət almış daha 2 nəfərin vəziyyəti ağır olaraq qalır.
Hazırda hər iki şəxsin müalicəsi Naxçıvan şəhər Mərkəzi Xəstəxanasında davam etdirilir.
Qeyd edək ki, faktla bağlı Naxçıvan Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi açılıb.
**11:40 (26.06.2023)
Naxçıvanda 6 nəfərin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Senzor.az xəbər verir ki, Naxçıvan Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açılıb və müəyyən ekspertizalar təyin edilib.
Naxçıvan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Qeyd edək ki, hadisə ötən gün gecə saatlarında Kəngərli rayonun Kərki və Böyükdüz kəndləri arasında baş verib.
71-BC-377 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə 74-BB-744 dövlət nömrə nişanlı "Wolswagen" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində biri uşaq olmaqla, 6 nəfər ölüb.
**10:52
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yeni Kərki kəndində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 6-ya çatıb.
Bu barədə "Report"un yerli bürosu xəbər yayıb.
Qəza nəticəsində xəsarət almış daha 4 nəfərin isə vəziyyəti ağır olaraq qalır.
Hazırda onların müalicəsi Naxçıvan şəhər Mərkəzi Xəstəxanasında davam etdirilir.
**09:00
Ötən gecə Naxçıvanın Kəngərli rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA bildirir ki, qəza rayonun Kərki və Böyükdüz kəndləri arasında baş verib.
Belə ki, 71-BC-377 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə 74-BB-744 dövlət nömrə nişanlı "Wolswagen" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində biri uşaq olmaqla, 5 nəfər ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanları və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.
Yaralanan daha 5 nəfər isə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti də ağır qiymətləndirilir.
Hər iki avtomobildə olanların toy məclisindən qayıtdıqları bildirilir.
Faktla bağlı araşdırma aparılır.