Sabunçu rayonu Zabrat qəsəbəsində baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub və briqadalar dərhal hadisə yerinə cəlb olunub.
Bu barədə Senzor.az-a TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, xəsarət alan 4 nəfər (3-ü qadın, 1-i kişi olmaqla) müxtəlif dərəcəli yanıq xəsarətləri ilə TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunublar.
Onların vəziyyətləri ağır olaraq qiymətləndirilir.
**18:32
Bu gün saat 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində, Zabrat dairəsinin yaxınlığında ümumi sahəsi 130m² olan təndirxanada ilkin ehtimala əsasən qaz sızması nəticəsində partlayış baş verib, yanğın hadisəsi olmayıb.
Bu barədə Senzor.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, nəticədə 5 nəfər yanıq xəsarəti alıb.
Onlardan 4 nəfəri 1968-ci il təvəllüdlü Gülşən Məmmədova, 1968-ci il təvəllüdlü Kəmalə Əzimova, 1986-ci il təvəllüdlü Mərdan Əhmədov, 1986-ci il təvəllüdlü Sənubər Tağıyeva Respublika Yanıq Mərkəzinə aparılıb, 1 nəfər tibbi yardım göstərilməsindən imtina edib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.