Ağcabədidə toy mərasimində kütləvi zəhərlənmə olub.
Senzor.az bildirir ki, hadisə iyulun 9-da rayonun Rəncbərlər kəndi ərazisində qeydə alınıb.
Belə ki, toy mərasimində iştirak edən 34 nəfər zəhərlənmə diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 33 nəfər ambulator ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 2007-ci il təvəllüdlü R.Əliyevanın müalicəsi isə davam etdirilir.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
AQTA-dan verilən məlumata görə, ilkin araşdırma zamanı məlum olub ki, toy mərasimində istehlakçılara məişət şəraitində hazırlanan məhsullar təqdim olunub.
"Araşdırmalar davam edir, nəticələr barədə ətraflı məlumat veriləcəkdir", - məlumatda qeyd edilib.