Bursada 10 fabrik yanaraq kül olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Bursanın İnegöl rayonunda iplik fabrikində baş verən yanğın kənardakı 9 fabrikə də yayılıb.
Ümumilikdə 10 fabrikin yararsız hala düşdüyü yanğına 400 heyət, 2 yanğınsöndürmə təyyarəsi, 4 helikopter cəlb olunub.
8 saatdan sonra yanğın nəzarətə götürülüb. Yanğından zərər çəkən 14 nəfər xəstəxanaya yerləşdirilib.
"Bursanın İnegöl rayonunda iplik fabrikində baş verən və 10 fabrikin tamamilə yanması ilə nəticələnən yanğın nəzarətə götürülüb. Xəstəxanaya yerləşdirilən 14 nəfərin sağlamlıq vəziyyəti yaxşıdır. İtkilərimiz yoxdur",- deyə İnegöl Bələdiyyə başçısı Alper Taban sosial media hesabında paylaşım edərək bu sözləri yazıb.
**00:34
Türkiyənin Bursa bölgəsinin sənaye rayonundakı yanğın əvvəlcə dörd fabriki əhatə edib, sonra daha altı fabrikə yayılıb.
“Haber Global”ın məlumatına görə, saatlardır davam edən yanğının aradan qaldırılmasına 105 yanğınsöndürən maşın və 200 canlı qüvvə cəlb olunub. Həmçinin, onlara dörd helikopter və iki təyyarə kömək edir.
Yanğın nəticəsində dörd nəfərin tüstüdən zərər çəkdiyi bildirilib.
**19:16(01.08.2023)
Türkiyənin Bursa vilayətinin İnegöl rayonunda fabrikdə baş verən yanğının əhatə dairəsi genişlənib.
"Haber Global" bildirir ki, Marşal Fevzi Çakmak küçəsində yerləşən sənaye zonasında fəaliyyət göstərən fabrikdəki yanğın qısa müddətdə yaxınlıqdakı daha 3 fabrikə yayılıb. Bu müəssisələrdə metal, mebel və iplik istehsal edilir.
Əraziyə cəlb edilən yanğınsöndürənlər hazırda alovu cilovlamağa çalışırlar.