Bu gün saat 12:17 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun 2,5-ci kilometrliyində, Ağsu rayonu ərazisində 1983-cü il təvəllüdlü Hüseynov Elmir Mayıl oğlunun idarə etdiyi “MAN” markalı, 77-CV-760 dövlət qeydiyyat nişanlı avtobusun əyləc sistemində yaranmış texniki nasazlıq səbəbindən nəqliyyat vasitəsi yolun hərəkət hissəsindən çıxaraq torpaq əraziyə sürüşüb.
Senzor.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi Muğanlı-İsmayıllı avtomobil yolunda qeydə alınmış yol qəzası ilə məlumatında bildirilib.
Qeyd edilib ki, nəticədə, avtobusda olan sərnişinlərdən Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Əmirova Gülayə Qaçay qızı xəsarət alaraq Şamaxı Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Sürücü E.Hüseynov ilkin ifadəsində sərnişinlərinin tur şəklində Qəbələyə səfər edən şəxslər olduğunu və daşımanı qeyri-rəsmi olaraq şifahi razılaşma əsasında həyata keçirdiyini bildirib.
Hadisə yerinə cəlb olunan DİN BDYPİ-nin 4-cü taqımının əməkdaşları tərəfindən avtobusda olan sərnişinlərin, eləcə də digər nəqliyyat vasitələrinin təhlükəsizliyi üçün zəruri tədbirlər görülüb. Faktla bağlı araşdırma aparılır.
**14:26
Şamaxıda turistləri daşıyan avtobus qəzaya düşüb, qadın və azyaşlı xəsarət alıb.
Bu barədə Senzor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda hərəkətdə olan avtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yolun kənarındakı torpaq əraziyə daxil olub.
Hadisə nəticəsində 1 qadın və 1 azyaşlı yüngül xəsarət alıb. Avtobusun aşması barədə yazılanlar isə həqiqəti əks etdirmir.
Faktla bağlı araşdırma aparılır.