Şərur rayon Siyaqut kəndi yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
Senzor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki,“Dongers” markalı bitum daşıyan yük avtomobili ilə “Chery” markalı minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü deformasiyaya uğramış avtomobillərdə sıxılı vəziyyətdə qalıb.
Hadisə yerinə dərhal Şərur rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlər tərəfindən müvafiq vasitələrdən istifadə edilməklə avtomobillərdə sıxılı vəziyyətdə qalan sürücülər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Həmçinin, bitum daşıyan yük avtomobilində mümkün yanğın-partlayış hadisəsinin qarşısını almaq üçün ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.