Rumıniyanın Dimbovita qraflığının Krevedia kəndində yanacaqdoldurma məntəqəsində ardıcıl iki partlayış nəticəsində azı bir nəfər ölüb, 30-dan çox insan yaralanıb.
Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, səhiyyə naziri Aleksandru Rafil 7 nəfərin müxtəlif dərəcəli yanıq xəsarətləri aldığını bildirib.
Daxili İşlər Nazirliyinin fövqəladə hallar departamentinin rəhbəri Raed Ərafat bildirib ki, təxminən iki saat sonra ikinci partlayış baş verib və nəticədə 26 yanğınsöndürən yaralanıb. O əlavə edib ki, yeni partlayışlar təhlükəsi qalmaqdadır.
Hakimiyyət orqanları təxminən 300 m radiusda əhalini təxliyə edib və Buxarest istiqamətində güclü tüstünün yayıldığı barədə xəbərdarlıq edib.
Hadisə baş verən ərazidə nəqliyyatın hərəkəti dayandırılıb.