Sentyabrın 3-də axşam saatlarında Kürdəmirdə baş verən zəlzələ zamanı rayonda 100-dən çox fərdi yaşayış evinə ziyan dəyib.
Bu sözləri Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini, eləcə də rayon fövqaladə hallar komissiyasının sədri Ağali Kərimli bildirib.
Onun sözlərinə görə, hazırda FHN-in nümayəndələri əraziyə cəlb olunub və Kürdəmir Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birlikdə əraziyə baxış keçirilir.
Qeyd edək ki, zəlzələ nəticəsində ən çox ziyan rayon mərkəzinə və rayonun Qağacılı, Xırdapay və Ərəbxana kəndlərinə dəyib. Hazırda aidiyyəti qurumların əməkdaşları tərəfindən rayon ərazisində zəlzələdən ziyan çəkən evlərə baxışlar davam edir, dəymiş ziyanın hesablanması və qiymətləndirilməsi işləri icra olunur.
Xatırladaq ki, sentyabrın 3-də, saat 20:35-də Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub.
**01:51
Kürdəmir rayonunda 3 maqnitudalı daha bir zəlzələ olub.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Məlumata görə, yeraltı təkan Kürdəmir stansiyasından 18 km cənubda Kürdəmir ərazisində qeydə alınıb. Zəlzələ hiss olunmayıb
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 01:19-da qeydə alınıb. Təbiət hadisəsinin ocağı 52 km dərinlikdə olub.
**21:42(03.09.2023)
Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 20:35-də qeydə alınıb. Zəlzələnin episentri 52 km dərinlikdə olub.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ Kürdəmir stansiyandan 14 km cənubda Kürdəmir ərazisində qeydə alınıb: "Zəlzələ episentrdə 5 bala qədər, Qəbələ, İsmayıllı, Ağsu ,Ucar, Göyçay, Bərdə, Ağdaş, Zərdab, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəlilabad rayonlarında 4-3 bala qədər hiss olunub".
Artıq sosial şəbəkələrdə zəlzələ anının görüntüləri də yayılıb:
**20:44
Ağdamda 5 maqnitudalı zəlzələ olub.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 20:38-də qeydə alınıb.
Mərkəzdən bildirilib ki, yeraltı təkanlar Saatlı, Beyləqan, Mingəçevir,Yardımlı və Qəbələ rayonlarında hiss olunub.