Sentyabrın 7-də səhər saatlarında Balakən rayonu ərazisində baş vermiş güclü külək ciddi fəsadlar törədib.
Senzor.az Rayon Fövqəladə Hallar Komissiyasına istinadən bildirir ki, qasırğa nəticəsində Balakən şəhəri Heydər Əliyev prospektindəki beşmərtəbəli çoxmənzilli yaşayış binasının dam örtüyü uçub, R.Səmədov küçəsində yol kənarındakı ağac “Azərpoçt” MMC-nin Balakən Poçt filialının inzibati binasının üzərinə düşüb.
Bundan əlavə, M.Əsədov küçəsində bir ədəd ağac aşaraq sahibkarlıq obyektinə və iki minik avtomobilinə ziyan vurub. Qasırğa nəticəsində Heydər Əliyev prospekti və F.Əmirov küçələrinin hər birində bir ədəd ağac aşaraq yolda hərəkətin məhdudlaşmasına səbəb olub.
Katex kəndinin Kombinat adlanan ərazisinə dolu düşərək, 60-80 evin dam örtüyünə ziyan vurub, evlərə su dolub.
Təbii fəlakət nəticəsində xəsarət alan yoxdur.
Dəymiş zərərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.