Bakının Suraxanı rayonunda “Kalaşnikov” avtomatı satmaq istəyən şəxs saxlanılıb.
Bu barədə Senzor.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Beyləqan rayon sakini 1997-ci il təvəllüdlü Əli Abbasov saxlanılıb. Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə olan heroin aşkar edilib.
Əlavə olaraq həmin şəxsdən Suraxanı rayonu ərazisində yerləşən qarajda gizlətdiyi 1 ədəd “Kalaşnikov” markalı avtomat silah da aşkar edilərək götürülüb. Ə. Abbasov odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Faktla bağlı 33-cü Polis Bölməsində araşdırmalar davam etdirilir.