Xəbər verildiyi kimi, Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən Sumqayıt Dövlət Texniki Kollecinin korpusunda baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən söndürülüb.
FHN-dən Senzor.az-a verilən xəbərə görə, yanğın nəticəsində hər mərtəbəsi 512m² olmaqla ümumi sahəsi 1024m² olan ikimərtəbəli binanın 2-ci mərtəbəsində 6 otağın yanar konstruksiyaları 200m² sahədə və dam örtüyünün yanar konstruksiyaları yanıb.
Binanın böyük hissəsi, bitişik olan korpusu və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində 8 nəfər sakinin təxliyəsi həyata keçirilib.
**01:52
Sumqayıt şəhəri, 22-ci məhəllədəki yataqxana binasında soyutma işləri davam etdirilir.
Senzor.az bildirir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə Xidmətinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi Mirfuad Mahmudov deyib.
“Hadisənin yataqxana binasının dam örtüyündə baş verməsi və yayılması və orada məcburi köçkünlərin yaşadığı nəzərə alınaraq əraziyə FHN-in əlavə qüvvə və vasitələri cəlb olunub, yanğının qarşısının alınması üçün bütün zəruri tədbirlər görülüb.
Yanğın binanın dam örtüyünü əhatə edib və ikinci mərtəbədəki otaqları da bürüyüb”, - deyə M.Mahmudov bildirib.
O, qeyd edib ki, əraziyə FHN-in Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin və Sumqayıt Regional Mərkəzinin qüvvə və vasitələri cəlb edildikdən sonra sakinlər dərhal binadan təxliyə olunub.
“Hazırda yanğın tam söndürülüb və soyutma işləri davam etdirilir. Yanğın təxminən 300 kv. metr ərazini əhatə edib. Bununla belə yanğının əhatə etdiyi sahə barədə dəqiq məlumat veriləcək”, - Mirfuad Mahmudov əlavə edib.
Qeyd edək ki, ərazi polis əməkdaşları tərəfindən mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülüb. Yanğın saat 1 radələrində söndürülüb. Hadisə zamanı bir neçə nəfər tüstüdən zəhərlənib
Binada Qubadlıdan məcburi köçkün düşmüş 7 ailə, Laçın və Cəbrayıldan 4 ailə (hər rayondan 2 ailə) məskunlaşıb.
**00:26
Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.
Senzor.az bildirir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
**00:26
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
FHN-in Mətbuat Xidmətindən Senzor.az-a verilən məlumata görə, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının binanın ikinci korpusuna keçməsinin qarşısı alınıb.
FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.
Əlavə məlumat veriləcək.
**23:58(17.01.2024)
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Senzor.az FHN-ə istinadən bildirir ki, məlumatla əlaqədar dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
**
Bu arada DİN-in Mətbuat Xidmətindən bildirilib ki, yanğınla əlaqədar əraziyə polis əməkdaşları cəlb edilib.
Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.
Əlavə məlumat veriləcək.