ADA Universitetinin tələbəsi, 2002-ci il təvəllüdlü Sərxan Asif oğlu Həsənovun ötən gecə yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölməsi digər təfərrüatı da ortaya çıxarıb.
“Modern” xəbər verir ki, Sərxanın özündən böyük qardaşı, 2001-ci il təvəllüdlü Əli Həsənov da onunla birgə mənzildə dəm qazından boğularaq ölüb.
Əldə olunan məlumata görə, 2001-ci il təvəllüdlü Əli Həsənov təxminən 3 ay əvvəl evlənibmiş.
Sərxan Həsənov isə ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü olub. O, 2019-cu ildə qəbul imtahanlarında 692,5 bal toplayaraq III qrup üzrə ölkə birincisi olub.
S.Həsənov Sumqayıt şəhərindəki Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbi qızıl medalla bitirib.
Hazırda iki qardaşın öldüyü hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
**13:16
Xəbər verdiyimiz kimi, ADA-nın tələbəsi, 2002-ci il təvəllüdlü Sərxan Asif oğlu Həsənov yaşadığı mənzildə dəm qazından zəhərlənərək vəfat edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sərxanın qardaşı, 2001-ci il təvəllüdlü Əli Həsənov da onunla birgə mənzildə dəm qazından boğularaq ölüb.
Hazırda iki qardaşın öldüyü hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
**11:44
ADA-nın tələbəsi dəm qazından boğulub.
“Azərbaycan Universitetləri” səhifəsi xəbər verir ki, 2019-cu ildə qəbul imtahanlarında 696 bal toplayaraq III qrup üzrə ölkə birincisi olan ADA Universiteti Hüquq fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü Sərxan Həsənov bu gecə dəm qazından dünyasını dəyişib.
Bildirilib ki, Sərxan ABŞ-da təcrübə keçən tələbələrdən olub. O, xarici məhkəmələrin metodikasını öyrənirdi.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Sərxan Həsənovun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsi PY UA 38/10 ünvanında baş verib.
2002-ci il təvəllüdlü tələbə yaxınları tərəfindən huşsuz vəziyyətdə tapılıb. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası onun vəfat etdiyini bildirib.
Hadisə ilə bağlı araşdırma aparılır.