Beyləqan rayonu ərazisində yük və minik maşınının toqquşması nəticəsində ölən 3 nəfərin adları məlum olub.
AZƏRTAC xəbər verir ki, ağır yol qəzasında ölənlər bunlardır: Beyləqan rayon sakinləri - “VAZ 2105” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü İlqar Məmmədov, “KamAZ”ın sürücüsü, 1973-cü il təvəllüdlü Barat İsmayılov və “VAZ 2105” markalı minik avtomobilində olan sərnişin, 1985-ci il təvəllüdlü Şəmşir Şükürzadə.
Hadisə Beyləqan rayonunun İmamverdili kəndi ərazisində, İmişli-Beyləqan avtomobil magistralının üzərində yerləşən körpüdə baş verib. “KamAZ” markalı avtomobil idarəetməni itirərək qarşı yola çıxıb və “VAZ 2105” markalı minik avtomobili ilə toqquşub. Yük avtomobili körpüdən aşaraq Bakı-Horadiz dəmir yolu xəttinin üzərinə düşüb. Nəticədə hər iki sürücü və “VAZ 2105” markalı avtomobildə olan sərnişin hadisə yerində ölüblər.
**
Beyləqan rayonu ərazisində yük və minik maşını toqquşub, 3 nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, hadisə gecə saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 110-cu kilometrliyində, Beyləqan rayonunun İmamverdili kəndi ərazisində qeydə alınıb. Yük maşını ilə "VAZ" markalı avtomobilin toqquşması zamanı 3 nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.