
AZƏRTAC xəbər verir ki, hadisə dünən saat 21:30 radələrində, Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 39 yaşlı İmişli sakini Zamin Soltan oğlu Baxşəliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Kürdəmir istiqamətində hərəkətdə olarkən onunla əks istiqamətdə hərəkət edən “Mercedes”, sonra isə “Opel” markalı avtomobillərə çırpılıb. Daha sonra yoldan çıxan “VAZ-2107” yol kənarındakı yanacaqdoldurma məntəqəsinə girib və məntəqənin avadanlıqlarını sıradan çıxararaq xeyli ziyan vurub.
Hadisə zamanı “VAZ-2107”-də olan sürücü Zamin Baxşəliyev və onun sərnişini - 52 yaşlı Kərim Məmmədtağı oğlu Tağıyev müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.

