İrəvanda etirazçılar mayın 19-u axşam saatlarında Ermənistana rəsmi səfərə gəlmiş Litva Prezidenti Gitanas Nausedanın qaldığı "Aleksandr" otelini qısa müddətə mühasirəyə alıblar.
Senzor.az “Sputnik Armeniya”ya istinadən xatırladır ki, müxalifət liderləri bundan əvvəl Litva Prezidentini onlarla görüşə dəvət etmişdilər.
“Müqavimət” hərəkatının tərəfdarları otelə yaxınlaşanda koordinator İşxan Saqatelyan qısa müddətə dayanmağı təklif edib.
İ.Saqatelyan tərəfdarları qarşısında çıxış edərək deyib: "Litva Prezidenti bu oteldə qalır. Yeri gəlmişkən, bu gün (mayın 19-u-red.) onun ad günü olduğunu öyrəndik və bu münasibətlə onu təbrik edirik. Amma dünən biz məktub dərc etmişdik ki, Nikol Paşinyan erməni xalqının iradəsini təmsil etmir və onun beynəlxalq tərəfdaşlarla danışıqlar aparmaq mandatı yoxdur”.
Müxalifət lideri qeyd edib ki, Paşinyan şübhəsiz ki, Litva lideri ilə danışıqlarda, onu inandırmağa başlayacaq ki, küçələrə cəmi bir neçə yüz nəfər çıxıb və hakimiyyət kobud rəftardan, güc tətbiq etməkdən imtina edir. Amma Saqatelyanın sözlərinə görə, onlar Litva Prezidentinə danışıq apardığı şəxsin qeyri-legitim olduğunu deməyin bir yolunu tapacaqlar.
Xatırladaq ki, artıq bir neçə gündür Ermənistanda vətəndaş itaətsizliyi aksiyaları keçirilir. Müxalifətin "Müqavimət" hərəkatının mitinq və yürüşləri əsasən paytaxt İrəvanda təşkil edilir. Etirazçılar küçələri aktiv şəkildə bağlayırlar. Polisin müdaxiləsindən sonra hər gün onlarla etirazçı saxlanılır.
Amma cümə axşamı günortadan sonra keçirilən etiraz aksiyaları zamanı nədənsə polisin kobud güc tətbiq etməsi qeydə alınmayıb. Saxlanılanların sayı isə bir nəfəri ötməyib. "Bu, sizin mübarizənizin nəticəsidir", - Saqatelyan bildirib.
Onun sözlərinə görə, aksiya getdikcə güclənir və ona getdikcə daha çox insan qoşulur.
Xatırladaq ki, G. Nauseda Ermənistandan əvvəl Azərbaycanda rəsmi səfərdə olub.
Senzor.az