İyunun 2-də gecə saatlarında Moskvanın mərkəzində 62 yaşlı iş adamı, konsaltinq firmasının sahibi Ohanes Kamaryan qətlə yetirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, onun 24 yaşlı həmyerlisi Ayrik Yervandyan tərəfindən öldürüldüyü məlum olub.
Yervandyan gecə saatlarında Kamaryana yaxınlaşaraq, ona odlu silahdan bir neçə dəfə atəş açıb.
Qanlı olay ərazidə olan təhlükəsizlik kamerası tərəfindən də qeydə alınıb.
Hadisə vaxtı Ohanes Kamaryanın yanında gənc qadının olduğu da görünür. Lakin qatil onu hədəfə almır.
Yervandyan artıq saxlanılıb.
Qeyd edək ki, Ermənistanda qətl törətməyə cəhddə təqsirləndirilən O.Kamaryan ölkəsinin hüquq mühafizə orqanları tərəfindən axtarışda olub. Teleqram kanallarının məlumatına görə, Kamaryan 2013-cü ildə “Ded Xasan” ləqəbli “qanuni oğru” Aslan Usoyanın yaxını Rafik Madoyanın sifarişli qətlini təşkil etməkdə təqsirli bilinirdi.
Mətbuatın yazdığına görə, O.Kamaryanın bütün aktivləri övladlarının adına olub.
Məlumatda həmçinin qeyd olunur ki, onun oğlu Xaçatur Kamaryan Rusiyanın ən böyük polimer məhsulları istehsalçılarından biri olan “Gavary Group”un rəhbəridir.