Gürcüstanın paytaxtı Tbilisidə Bolqarıstan milli futbol komandasının futbolçularını daşıyan avtobus qəzaya uğrayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Bolqarıstan Futbol İttifaqı məlumat yayıb.
Qeyd olunub ki, Bolqarıstan millisi Tbilisiyə çatdıqdan sonra ağır yol qəzası keçirib.
"Komandamızı mehmanxanaya aparan iki avtobusdan birincisinin sürücüsü idarəetməni itirib və nəticədə ağır qəza baş verib", - məlumatda bildirilir.
"Toqquşmadan sonra yarımmüdafiəçi Todor Nedelev yerli xəstəxanaya çatdırılıb və hazırda burada geniş araşdırma aparılır. Komandanın bütün digər üzvləri və Bolqarıstan millisinin heyəti yaxşıdır", - məlumatda əlavə edilib.
Xatırladaq ki, Millətlər Liqası çərçivəsində iyunun 12-də Tbilisidə “Dinamo Arena” stadionunda Gürcüstan-Bolqarıstan matçı keçiriləcək.