Bakı-Şamaxı yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 11 nəfər Şamaxı Mərkəzi Xəstəxanasına daxil olub.
Senzor.az TƏBİB-ə istinadən bildirir ki, 10 nəfərə ilkin təcili tibb yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb.
Vəziyyəti ağır olan 1 nəfər sol topuqda sınıq, inci sümüyünün dəyişmiş sınığı diaqnozu ilə Bakı şəhərində yerləşən və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində əməliyyat ediləcək.
Orta-ağır vəziyyətdə Qobustan Mərkəzi Xəstəxanasına daxil olan 2 nəfər isə oradan Bakıya göndərilib. Onlardan birinə bazı sümüyü cisminin sınığı, digərinə bud sümüyünün dəqiqləşdirilməmiş sınığı diaqnozları qoyulub. Onlar TƏBİB-in tabeliyində fəaliyyət göstərən xəstəxanaya gətirilsələr də, daha sonra ailələrinin istəyi ilə paytaxtda fəaliyyət göstərən özəl xəstəxanaya yerləşdiriliblər.
**02:04
İçərisində Bakının 279 saylı tam orta məktəbinin istirahət məqsədi ilə paytaxtdan Qəbələyə gedən müəllim və şagirdlərinin olduğu avtobus qəzaya uğrayıb. Belə ki, Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Quliyev Pərviz Şahsəddin oğlunun idarə etdiyi, üstünə “Bakı-Tovuz-Qazax-Qırmızı Körpü” yazılmış 90-NL-949 dövlət nömrə nişanlı “Mercedes” markalı sərnişin avtobusu Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Acıdərə adlanan hissəsində yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb.
Dərhal da bir sıra KİV-lərdə və sosial şəbəkələrdə qəza zamanı ölən və ağır xəsarət alanların olması ilə bağlı müxtəlif xəbərlər yayılıb.
Senzor.az bildirir ki, DİN-in Mətbuat Xidməti həmin məlumatları təkzib edib. Qeyd olunub ki, qəza zamanı ölən və ağır xəsarət alanların olması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: “Axşam saat 22:50 radələrində Şamaxı-Bakı yolunun Acıdərə adlanan ərazisində avtobus sürücüsünün idarəetməni itirməsi nəticəsində yol nəqliyyat hadisəsi baş verib. Dərhal hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qəzada xəsarət alan şəxslərə köməklik göstərilib. Hadisə yerinə Təcili Tibbi Yardım maşını çağırılıb. 4 nəfər yüngül xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb”.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova isə jurnalistlərə deyib ki, qəza nəticəsində xəsarət alan 11 nəfər Şamaxı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Onun sözlərinə görə, 10 nəfərə ilkin təcili tibb yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb. Vəziyyəti ağır olan 1 nəfər bud-çanaq oynağının sınığı diaqnozu ilə Bakıya göndərilib.
2 nəfər isə orta ağır vəziyyətdə Qobustan Mərkəzi Xəstəxanasına daxil olub, oradan da Bakıya göndərilib. Onlardan birinə bazı sümüyü cisminin sınığı, digərinə bud sümüyünün dəqiqləşdirilməmiş sınığı diaqnozu qoyulub.
Hadisə ilə bağlı araşdırma aparılır.