Rusiya Prezidenti Vladimir Putinin mühafizəçisi olan və özü ilə “nüvə çamadanı”nı daşıyan Federal Təhlükəsizlik Xidmətinin (FTX) polkovniki Vadim Zimin başından güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.
Bu barədə unian.net məlumat yayıb.
Hazırda onun ağır vəziyyətdə reanimasiyada olduğu bildirilir.
Məlumata görə, Zimin iyunun 20-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki mənzilində güllələnmiş vəziyyətdə tapılıb. Onun yanında “İj 79-9TM” markalı travmatik tapança olub. Qan içində olan FTX zabitini qardaşı tapıb. Bu zaman yaralının birlikdə yaşadığı qadın evdə olmayıb.
Qeyd edək ki, Zimin Kremldə təkcə Putinin dövründə deyil, Boris Yeltsinin dövründə də çalışıb.
Yerli KİV-də yayılan xəbərlərə görə, Zimin gömrük xidmətində işə başlayandan sonra rüşvət almaq ittihamı ilə açılan cinayət işinin istintaqı çərçivəsində ev dustaqlığında olub. Onu həbs cəzası gözləyir.