Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta məktəb binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
Senzor.az FHN-in saytına istinadən bildirir ki, müşahidə olunan güclü küləyə, habelə məktəbin mərtəbəlarası örtüyünün bəzi yerlərdə taxta konstruksiyalardan ibarət olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğının daha geniş əraziyə yayılmasına imkan verilməyib.
Yanğın nəticəsində ümumilikdə təxminən 1100 kv.m sahəsi olan dam örtüyünün 700kv.m hissəsi və 2 sinif otağı yanıb, digər sinif otaqları və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.
**17:38
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta məktəb binasında yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən senzor.az-a verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Bu arada Bakı Şəhər Təhsil İdarəsi də məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb.
Məlumatda deyilir: “İyunun 28-də saat 16:30 radələrində Bakı şəhəri Sabunçu rayonu 68 nömrəli tam orta məktəbdə naməlum səbəbdən yanğın baş verib. Yanğının məktəbin əsas tədris binasının 2-ci mərtəbəsində olduğu bildirilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri cəlb olunub və hazırda yanğına müdaxilə prosesi davam edir. Məktəb rəhbərliyinin məlumatına əsasən xəsarət alan yoxdur".