Fövqəladə Hallar Nazirliyi (FHN) ötən gecə Bakının mərkəzində baş verən yanğın hadisəsi ilə bağlı daha bir məlumat yayıb.
Senzor.az bildirir ki, məlumatda deyilir: “Xəbər verildiyi kimi, gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva və R.Rza küçələrinin kəsişməsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub. Havanın güclü küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin hadisəyə operativ müdaxiləsi və peşəkarlıqları sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində tikinti meydançasının ərazisində hər birinin sahəsi 15kv.m olan dəmir konstruksiyalardan ibarət 2 ədəd gözətçi konteynerinin taxta üzlüyü və içərisində olan əşyalar, 100kv.m. sahəyə yığılmış tikinti materialları, 1 ədəd ağac və yaxınlıqda dayanmış vətəndaşlara məxsus “Mercedes-200” və “Nissan Pathfinder” markalı minik avtomobillərinin yanar hissələri yanıb. Ərazidə olan digər tikinti materialları, yaxınlıqda dayanmış avtomobillər və yaxınlıqdan keçən diametri 159 mm olan qaz xətti yanğından mühafizə olunub”.
**09:04
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində "Qış parkı"nın yaxınlığında yanğın olması barədə məlumat daxil olub.
Senzor.az FHN-ə istinadən bildirir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının tikinti aparılan ərazidə baş verdiyi müəyyən olunub. İlkin məlumata əsasən, təqribən 100 m² sahədə tikinti materialları yanıb.
Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.