Ağstafada arı vurması nəticəsində ölən gənc oğlan dəfn zamanı ayılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 24 yaşlı İlqar Qəhrəmanovu basdırmağa aparan zaman meyitin tərpəndiyini hiss ediblər. Qəbiristanlıqda məlum olub ki, o, sağdır.
Dərhal yaxınları İ.Qəhrəmanovu Gəncədəki xəstəxanalardan birinə aparıblar. Burada məlum olub ki, İlqar Qəhrəmanov həqiqətən də dünyasını dəyişməyib. Lakin vəziyyəti ağır olub. Bununla belə, İ.Qəhramanov bir neçə saat sonra xəstəxanada vəfat edib.
Sayt 24 yaşlı İlqar Qəhrəmanovun dəfndə oyanması ilə bağlı bir sıra təfərrüatları əldə edib.
Kənd sakinlərinin bildirdiyinə görə, onun ölümünə səbəb arı sancması yox, xəstəxanada qan laxtalaşdırıcı iynənin vurulması olub.
Belə ki, İlqar Qəhrəmanov dünən günortadan sonra vəfat etdiyi üçün adət-ənənəyə görə onun dəfni bu gün səhər saatlarına saxlanılıb. Meyitin evdə səhərə kimi qoxu yaymaması və şişkinlik yaratmaması üçün qan laxtalaşdırıcı iynə vurulub.
TƏBİB-dən isə bildirilib ki, İlqar Qəhrəmanova Təcili Tibbi Yardımın (TTY) həkimləri tərəfindən heç bir iynə vurmayıb. TTY briqadası həmin ünvanda olarkən vətəndaşın hadisə yerində öldüyü məlum olub.
Qeyd edək ki, arı İlqar Qəhrəmanovu Ağstafaya nişanlısıgilə qonaq gedərkən sancıb.