
Badamdarda torpaq sürüşməsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının da iştirakı ilə Badamdar sürüşmə sahəsinə növbəti vizual baxış zamanı ərazidə sürüşmə prosesinin hazırda aktiv fazada olduğu müəyyən edilib.
Qeyd olunub ki, bununla əlaqədar, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən aidiyyəti dövlət qurumlarına sürüşmə prosesinin dinamikası və aktivliyinin artması ehtimalı nəzərə alınaraq, ərazidə olan insanların təhlükəsiz yerə təxliyə edilməsi və yaxınlıqda yerləşən obyektlərin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə rəsmi müraciət edilib.
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən bildirilib ki, Agentliyin mütəxəssisləri də Bakı şəhəri, Səbail rayonu, Badamdar–20-ci sahədə baş verən sürüşmə hadisəsi ilə bağlı ərazidə olublar.
Ərazidə araşdırma və monitorinqlər aparılıb.
Qeyd edilib ki, aparılan monitorinqlərin nəticəsinə əsasən ərazidə sürüşmə prosesinin aktivləşdiyi, çatların genişləndiyi müəyyən edilib.