Sosial şəbəkələrdə Sabunçu rayonunda orta məktəbdə azyaşlı uşağın həmyaşıdı tərəfindən zorakılığa məruz qalmasına dair yayılmış videogörüntü ilə bağlı daxili işlər, aidiyyəti digər dövlət qurumları tərəfindən görülmüş tədbirlərlə yanaşı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində də araşdırma aparılıb.
Senzor.az bildirir ki, Baş Prokurorluğun yaydığı məlumatda belə deyilir.
"Araşdırma nəticəsində İnzibati Xətalar Məcəlləsinin 512-ci maddəsi ilə yetkinlik yaşına çatmayanların xırda xuliqanlığına görə valideynlərinin (və ya onları əvəz edən şəxslərin) məsuliyyətə cəlb olunması üçün əsas müəyyən edildiyindən, faktla bağlı inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Sabunçu Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına göndərilib.
Eyni zamanda, hadisənin baş verdiyi təhsil ocağında qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair təqdimat aidiyyəti üzrə Elm və Təhsil Nazirliyinə göndərilib", - deyə məlumatda vurğulanıb.