İstər Azərbaycan, istərsə də Ermənistan hərbçiləri tərəfindən işgəncə faktları ilə bağlı görüntülər araşdırılır. Artıq aidiyyəti qurumlarla birgə İstintaq qrupu da yaradılıb və nəticələr olacaq.
Trend-in məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev bu gün keçirilən brifinqdə deyib.
"Təbii ki, bu kimi halların saxta və ya doğru olduğu araşdırılmalı və dəqiq məlumat təqdim olunmalıdır. Ermənistan tərəfi yayılan görüntülərlə bağlı rəsmi bəyanat belə dərc etmədi. Azərbaycan tərəfi isə dərhal məlum məsələni araşdırdı. Son videolar barədə də məlumatlıyıq, araşdırma aparılır, deyə bilərəm ki, bəzi videolar saxtadır... ".
K.Əliyev bildirib ki, bəzi ölkələr və onların Azərbaycandakı səfirlikləri sosial şəbəkələrdəki görüntülərlə bağlı birtərəfli mövqe tuturlar və bu narahatedicidir.
"Ermənistan ərazisində müharibə getməyib, əhali əziyyət çəkməyib. Videolar araşdırılmalıdır və nəticəsi barədə dəqiq danışılmalıdır. Vaxtından əvvəl təşvişlə Azərbaycan hökumətinə təsir yolverilməzdir. Ermənistan tərəfindən də açıqlama olmalıdır", - Baş prokuror əlavə edib.