Türkiyə Avropa İttifaqının üzləşdiyi çətinliklərin öhdəsindən gəlməkdə və onun beynəlxalq rolunu yenidən müəyyən etməkdə əvəzolunmazdır.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqada keçirdiyi mətbuat konfransında deyib
"Bu həqiqət avropalı dostlarımız tərəfindən də qəbul olunmağa başladı. Türkiyənin qarşısına qoyulan maneələrin ədalətli olmadığını və bu vəziyyətin Aİ-nin maraqlarına xələl gətirdiyini vurğuladım. Hesab edirik ki, bununla bağlı daha uzaqgörən və strateji qərarlar qəbul edilməlidir".
Ərdoğan qeyd edib ki, Türkiyə təhlükəsizlik, müdafiə, terrorizm, miqrasiya, enerji təchizatı təhlükəsizliyi, səhiyyə və təchizat zəncirləri kimi fundamental problemlərin aradan qaldırılmasında həyati əhəmiyyətə malikdir.
"Son hadisələr Türkiyənin İttifaq və Avropa üçün açar ölkə olduğunu ortaya qoyur. Bu məsələni Sammitdə həmsöhbətlərimiz də çatdırdılar. Xüsusilə, ölkəmizin Rusiya-Ukrayna müharibəsində vasitəçi rolu yüksək qiymətləndirilir. Müharibənin ilk günündən qan tökülməsinin dayandırılması üçün çox səy göstərdik. Biz hər fürsətdə vurğuladıq ki, ədalətli sülhdə uduzan olmayacaq. Bütün çətinliklərə baxmayaraq, biz taxıl dəhlizinin açılmasını, əsirlərin mübadiləsini mühüm diplomatik uğur hesab edirik. İndiyədək dünya bazarlarına 6 milyon tondan çox taxıl və ərzaq məhsulları göndərilib. Qarşıdakı dövrdə taxıl daşınmasının davam etdirilməsi Ukrayna xalqının, bütün Avropanın və dünyanın marağında olacaq. Bu arada, Rusiya gübrəsinin Türkiyə üzərindən ehtiyacı olan ölkələrə göndərilməsinə nail olmaq niyyətindəyik”.